Rusiyalı deputatdan Azərbaycanın Ukraynaya yardımı ilə bağlı sərt AÇIQLAMA
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Azərbaycanın Ukraynanın enerji infrastrukturunun bərpası üçün avadanlıq göndərməsinə münasibət bildirib.
Redaktor.az xəbər verir ki, o, lenta.ru-ya müsahibəsində Ukraynanın enerji obyektlərinin yenidən hədəfə alınmalı olduğunu iddia edib.
"Enerji infrastrukturunu yenidən məhv edin. Yaxın gələcəkdə. Diplomatlar diplomatların işidir, lakin Ukraynanın hərbi-sənaye kompleksi üçün vacib olan infrastrukturu məhv etmək Rusiya Silahlı Qüvvələrinin vəzifəsidir və onlar bunu yerinə yetirəcəklər", – deyə Kolesnik bildirib.
Deputatın sözlərinə görə, hərbi təyinatlı olmasa belə, enerji avadanlığının tədarükü Kiyevə enerji sistemini fəaliyyət göstərməyə imkan verir. O iddia edib ki, buna görə də həmin obyektlər Rusiya ordusu üçün hədəf olaraq qalır.
Kolesnik əlavə edib ki, infrastrukturun bərpası istiqamətində atılan addımlara baxmayaraq, Rusiya Silahlı Qüvvələri qarşıya qoyulan vəzifələri yerinə yetirməyə davam edəcək.
Xatırladaq ki, Azərbaycan daha əvvəl Ukraynanın kritik enerji infrastrukturunun bərpası məqsədilə təxminən 40 ton enerji avadanlığı göndərib. Bildirilib ki, bu yardım ölkənin enerji sektorunun fəaliyyətinin davam etdirilməsinə dəstək məqsədi daşıyır. Avadanlığın çatdırılma tarixi açıqlanmayıb.
Aminə ŞAHSUVARQIZI













