ABŞ "Patriot" raketləri üçün rekord müqavilə İMZALADI
ABŞ ordusu "Patriot" zenit-raket kompleksləri üçün raketlərin istehsalına dair "Lockheed Martin" şirkəti ilə rekord məbləğdə müqavilə imzalayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Military Watch Magazine (MWM) məlumat yayıb.
Nəşrin məlumatına görə, müqavilənin dəyəri 58,6 milyard dollar təşkil edir. Bildirilir ki, bu, "Patriot" raketlərinin alınması ilə bağlı indiyədək imzalanmış ən iri müqavilədir.
Məlumata əsasən, Pentaqon İranla münaqişə və Ukraynaya davam edən hərbi yardımlar nəticəsində azalan raket ehtiyatlarını qısa müddətdə bərpa etməyə çalışır.
MWM qeyd edir ki, müqavilənin imzalanması həm də gələcəkdə baş verə biləcək yüksək intensivlikli münaqişələrə hazırlıq məqsədi daşıyır. Jurnalın yazdığına görə, son qarşıdurmalar zamanı raket ehtiyatlarının sürətlə tükənməsi və hər bir raketin yüksək istehsal dəyəri bu silahların ehtiyatda saxlanmasını daha baha başa gətirib.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın Kiyevə "Patriot" raketlərinin istehsalı üçün lisenziya verilməsinə razılıq verdiyini açıqlamışdı.
Aminə ŞAHSUVARQIZI













