Yenin məzənnəsi bir gündə kəskin bahalaşdı

 21:58 30.07.2026     368

Yaponiyanın milli valyutası olan yenin dollar qarşısında məzənnəsinin kəskin möhkəmlənməsi hökumətin valyuta bazarına yenidən müdaxilə etdiyi ehtimalını artırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, son vaxtlar ucuzlaşaraq 1 dollar qarşılığında təxminən 163,5 yen səviyyəsinə qədər geriləyən milli valyuta cümə axşamı kəskin bahalaşıb. Yenin məzənnəsi qısa müddətdə 158 səviyyəsindən də aşağı düşərək bir gündə 3 faizdən çox möhkəmlənib. Hazırda isə məzənnə 1 dollar üçün 159,8 yen səviyyəsində qərarlaşıb ki, bu da təxminən 2,2 faizlik artım deməkdir.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, məzənnədəki bu dinamika valyuta bazarına dövlət müdaxiləsinin klassik əlamətlərini göstərir.

Xatırladaq ki, Yaponiya hökuməti may ayında yenin məzənnəsini dəstəkləmək üçün 73,6 milyard dollar vəsait xərcləmişdi. Lakin bu addım gözlənilən nəticəni verməmiş, milli valyuta sonradan yenidən ucuzlaşaraq son 40 ilin ən aşağı səviyyələrini yeniləmişdi.

Ekspertlər hesab edirlər ki, yenin zəifləməsinə əsasən İran ətrafındakı münaqişənin yaratdığı iqtisadi təsirlər, eləcə də Yaponiya iqtisadiyyatının struktur problemləri səbəb olub. Bu problemlər arasında əhalinin qocalması və sayının azalması nəticəsində iqtisadi artım perspektivlərinin zəifləməsi, həmçinin dövlət borcunun artması göstərilir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən