ABŞ və İsrail İrana qarşı yeni təzyiq planını müzakirə edir
ABŞ və İsrail rəsmiləri İrana qarşı yeni təzyiq vasitələrinin tətbiqi imkanlarını nəzərdən keçirirlər.
Redaktor.az xəbər verir ki, "The Telegraph" nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər İranın iqtisadi imkanlarını məhdudlaşdırmaq məqsədilə quru mühasirəsi variantını müzakirə edirlər.
Məlumata əsasən, iyulun 28-də Ağ Evdə keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu İranın təcrid olunması üçün hərbi və qeyri-hərbi vasitələrin tətbiqi imkanlarını dəyərləndiriblər.
Bildirilib ki, tərəflər İranın idxal və ixrac əməliyyatlarını dayandırmağa yönəlmiş blokada modelinin mümkünlüyünü araşdırırlar.
İsrailli yüksək vəzifəli rəsminin sözlərinə görə, İranın əraziyə giriş-çıxış imkanlarının tam məhdudlaşdırılması ölkənin xarici ticarətinə ciddi zərbə vura bilər.
Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlama ehtimalını istisna etmədiyini bildirib. Onun sözlərinə görə, Vaşinqtonun tələbləri yerinə yetirilmədiyi təqdirdə hərbi müdaxilə variantı yenidən gündəmə gələ bilər.
Aminə ŞAHSUVARQIZI













