Zaxarova Seutadakı hadisələrlə bağlı Qərbi tənqid ETDİ
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İspaniyanın Afrikadakı Seuta muxtar şəhərində baş verən hadisələrlə bağlı sərt açıqlama verib.
Redaktor.az xəbər verir ki, Zaxarova teleqram kanalında paylaşdığı açıqlamada Seuta və Melilyadakı vəziyyətin Qərb modelinin sistemli böhranını nümayiş etdirdiyini iddia edib.
Diplomat bildirib ki, Avropa İttifaqı rəhbərlərinin əvvəllər səsləndirdikləri təhlükə ilə bağlı proqnozlar istiqamət baxımından yanlış olub. Onun sözlərinə görə, Avropa Rusiyadan təhlükə gözlədiyi halda, miqrasiya böhranı Şimali Afrika istiqamətindən yaranıb.
Zaxarova baş verənləri Qərb ölkələrində yaranmış daxili siyasi böhranın nəticəsi kimi qiymətləndirib. O, qanunun aliliyindən uzaqlaşma, qanunsuzluğun təşviqi və siyasi qərarlarda mənfəətin üstün tutulmasının mövcud vəziyyətə gətirib çıxardığını iddia edib.
Rusiya XİN sözçüsü həmçinin miqrantların ölümü məsələsinə toxunaraq, Seuta sahillərində doqquz nəfərin meyitinin tapıldığını və son aylarda sərhədi keçməyə cəhd zamanı azı 60 nəfərin həlak olduğunu bildirib.
Mariya Zaxarova çıxışında Avropa Komissiyası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq qurumların hadisələrə münasibət bildirməməsini də tənqid edib.
Aminə ŞAHSUVARQIZI













