Marko Rubiodan qalmaqallı etiraf: “ABŞ-də Kubaya rəğbət bəsləyənlər az deyil”

 09:23 02.08.2026     343

ABŞ dövlət katibi Marko Rubio ölkənin akademik dairələrində, mediasında və hətta dövlət qurumlarında Kubaya rəğbət bəsləyən şəxslərin olduğunu etiraf edib.

Redaktor.az xəbər verir ki, "Fox News" telekanalına müsahibə verən ABŞ Dövlət Departamentinin rəhbəri Amerika cəmiyyətinin müxtəlif təbəqələrində Kuba rejiminə qarşı rəğbətin uzun müddətdir mövcud olduğunu bildirib.

Məlumata əsasən, Marko Rubio bu vəziyyəti həmin şəxslərin anti-Amerika əhval-ruhiyyəsi və ideoloji yaxınlığı ilə əlaqələndirib. O vurğulayıb ki, Kubaya rəğbət bəsləyən insanlar universitet professorları da daxil olmaqla, Amerika cəmiyyətinin aparıcı sektorlarında kifayət qədər çoxdur.

Bildirilib ki, diplomat keçmişdə ABŞ hökumətində də analoji baxışlara sahib şəxslərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Rubio bu səbəbdən bəzi insanların ideoloji bənzərliklərə görə hər hansı maddi qarşılıq təmənna etmədən belə kəşfiyyat üçün işləməyə meylli ola biləcəyini istisna etməyib.

ABŞ rəsmisinin sözlərinə görə, mövcud simpatiya və ideoloji yaxınlıq Havanadan gələn təhlükəyə göz yummağa əsas vermir.

Qeyd edək ki, Marko Rubio bundan əvvəl də Kubadakı mövcud siyasi rejimə qarşı sərt mövqeyi və Vaşinqtonun Havanaya qarşı sanksiya təzyiqlərini artırmasının tərəfdarı olması ilə seçilib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən