Tramp mühüm telefon danışığı APARDI
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər.
Redaktor.az xəbər verir ki, "Saudi Press Agency"nin yaydığı məlumata görə, vəliəhd şahzadə gərginliyin azaldılması üçün dialoq dilinə üstünlük verilməsinin və vəziyyəti sabitləşdirmək üçün mümkün olan bütün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.
Məlumata əsasən, Məhəmməd bin Salman Əl Səud bu addımın regionda təhlükəsizliyi qoruyacaq diplomatik həll üçün zəmin yaradacağını diqqətə çatdırıb.
Bildirilib ki, Donald Tramp bundan əvvəl Tehranla diplomatik razılıq əldə etmək məqsədilə İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumu ləğv etməyə razı olduğunu bəyan edib.
ABŞ liderinin sözlərinə görə, İran və regionun digər ölkələri Vaşinqtondan hərbi zərbələrdən çəkinməyi xahiş ediblər, çünki tərəflər gələcək sazişin əsas konturlarını razılaşdıra biliblər.
Qeyd edək ki, nəzərdə tutulan razılaşma Hörmüz boğazının dərhal naviqasiya üçün açılmasını və İranın nüvə təhdidinin tam aradan qaldırılmasını əhatə edir.
Aminə ŞAHSUVARQIZI













