"Ermənistan-Azərbaycan danışıqlar prosesi daha irəli gedib" - Rubinyan
Parlament spikerliyinə namizəd və Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə keçmiş xüsusi nümayəndəsi Ruben Rubinyan 2 avqustda Milli Məclisin iclasında Ermənistan-Azərbaycan danışıqlar prosesinin Ermənistan-Türkiyə danışıqlarından daha irəli getdiyini bildirib.
Redaktor.az xəbər verir ki, onun sözlərinə görə, Ermənistan-Azərbaycan prosesində artıq praktik nəticələr əldə edilib.
"Məsələn, Azərbaycan tərəfi Türkiyədən əvvəl Ermənistandan dəmir yolu tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bundan əlavə, Ermənistan və Azərbaycan arasında birbaşa ticarət, xüsusən də neft məhsulları ticarəti artıq mövcuddur", - deyə Rubinyan qeyd edib.
O bildirib ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması prosesini intensivləşdirməsinin vaxtı gəlib çatıb. "Ermənistan və Türkiyənin sabah diplomatik münasibətlər qura və sərhədi aça bilməməsinin heç bir səbəbini görmürəm", - deyə gələcək parlament spikeri vurğulayıb.
O, prosesin gözləniləndən daha yavaş irəlilədiyini etiraf edib: "Münasibətlərin normallaşdırılması yaxındır və bu, yalnız zaman məsələsidir".













