CENTCOM İrana qarşı yeni təzyiq planları HAZIRLAYIR
ABŞ İrana qarşı yeni təzyiq üsulları axtarır.
Redaktor.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) amerikalı hərbi analitiklərdən İranı "cəzalandırmaq" və ona qarşı təzyiqi artırmaq üçün qeyri-adi üsullar hazırlamağı istəyib.
Bildirilib ki, CENTCOM-un kəşfiyyat bölməsi tərəfindən göndərilən elektron məktubda "Biz İranı cəzalandırmaq və təzyiq göstərmək üçün yeni, yaradıcı və innovativ yollar axtarırıq" ifadəsi yer alıb.
CNN-in məlumatına əsasən, bu addım ABŞ administrasiyasının İranla bağlı mövcud seçimlərinin məhdud olduğunu və bəzi variantların qəbuledilməz hesab edildiyini göstərir. "Fox News"a danışan mənbələrdən biri isə bildirib ki, Mərkəzi Komandanlıq bütün yeni təklifləri nəzərdən keçirməyə hazırdır və hərbi rəhbərlik İran strategiyasının yenidən qiymətləndirilməsinin vacibliyini qəbul edir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ və İranın avqustun 3-də sülh danışıqlarına başlayacağını açıqlayıb. O, həmçinin "Truth Social" platformasında paylaşım edərək Tehranla razılıq əldə etmək məqsədilə İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun ləğvinə razı olduğunu bildirib. Trampın sözlərinə görə, İran və bir sıra Yaxın Şərq ölkələri Vaşinqtondan hücumdan çəkinməyi xahiş edib. O əlavə edib ki, mümkün razılaşma Hörmüz boğazının dərhal açılmasını və İranın nüvə təhdidinin aradan qaldırılmasını nəzərdə tutmalıdır.
Aminə ŞAHSUVARQIZI













