Ukrayna Rusiyaya dron hücumlarının taktikasını dəyişib
Ukrayna dron hücumlarının taktikasını dəyişib
Redaktor.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə qarşı həyata keçirdiyi dron hücumlarında yeni taktikanın tətbiq olunduğu iddia edilir.
Məlumata görə, bu barədə "Arxangel Spetsnaz" Telegram kanalı məlumat yayıb. Kanalın müəllifləri Ukrayna ordusunun son kütləvi hücumunun əvvəlkilərdən fərqləndiyini, hücumların intensivliyinin müəyyən qədər azaldığını, lakin dronların Rusiyanın daha dərin ərazilərinə yönəldiyini bildiriblər.
Qeyd olunur ki, avqustun 3-nə keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri 131 pilotsuz uçuş aparatını məhv edib. Son 24 saat ərzində isə ümumilikdə ən azı 376 dronun zərərsizləşdirildiyi iddia olunur.
Məlumata əsasən, avqustun 2-də Başqırdıstan, Perm diyarı, Omsk vilayəti və Xantı-Mansi Muxtar Dairəsi kimi regionlarda dronların müşahidə edildiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi kütləvi hücumlarla bağlı açıqlama yayaraq, reydlərin sabit qanadlı pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirildiyini bildirib.
Aminə ŞAHSUVARQIZI













