Netanyahu Trampla HƏMAS razılaşması ilə bağlı fikir ayrılıqlarını TƏSDİQLƏDİ

 10:06 04.08.2026     254

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Qəzza zolağında vəziyyətin nizamlanmasına dair Sülh Şurasının hazırladığı planla bağlı fikir ayrılıqlarının olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, Netanyahu bu barədə Sülh Şurasının Ali Nümayəndəsi Nikolay Mladenovla görüşdən sonra danışıb.

O bildirib ki, Qəzzanın yenidən qurulması mərhələsinə keçməzdən əvvəl HƏMAS tamamilə tərksilah edilməli, həmçinin Qəzza zolağı silahsızlaşdırılmalıdır.

"Prezident Trampla HƏMAS ilə son razılaşma ilə bağlı fikir ayrılıqlarım var, bunu gizlətmirəm. Yenidənqurma mərhələsinə keçməzdən əvvəl HƏMAS tərksilah edilməli və Qəzza zolağı silahsızlaşdırılmalıdır", – deyə Netanyahu vurğulayıb.

Bildirilib ki, İsrail daha əvvəl də Sülh Şurasının təqdim etdiyi planın ölkənin təhlükəsizlik tələblərinə cavab vermədiyini bəyan edib. Rəsmi Təl-Əviv HƏMAS tamamilə silahsızlaşdırılana qədər İsrail ordusunun Qəzza zolağından çıxmayacağını açıqlayıb.

Bununla yanaşı, "The Times of Israel" qəzetinin məlumatına görə, İsrail Qəzza zolağında Fələstin ərazilərini İsrail Müdafiə Qüvvələrinin nəzarət etdiyi hissədən ayıran demarkasiya xəttindən qoşunlarını geri çəkməyi planlaşdırmır.

Məlumata əsasən, Sülh Şurasının nümayəndələri və anonim ABŞ rəsmiləri isə İsrailin mövqeyindən narazıdırlar. Onların fikrincə, İsrail hakimiyyəti planın bütün müddəalarından aylar əvvəl məlumatlı olsa da, indi ona etiraz edir.

Xatırladaq ki, ötən həftə Donald Tramp Sülh Şurasının təklif etdiyi razılaşmanın HƏMAS-ın tam tərksilahını nəzərdə tutduğunu bildirmişdi. Plana əsasən, HƏMAS silahı yerə qoyduqdan sonra İsrail qoşunları bölgədən çıxacaq, təhlükəsizliyin təmin edilməsində isə beynəlxalq sabitləşdirmə qüvvələri və yeni Fələstin polisi iştirak edəcək.

Lakin HƏMAS nümayəndələri İsrail Qəzza zolağını tərk etməyən və əvvəlki atəşkəs razılaşmalarına əməl etməyənədək silahlarını təhvil verməyəcəklərini dəfələrlə bəyan ediblər.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən