ABŞ-də güclü meşə yanğınları: 64 min nəfər təxliyə edildi

 13:20 04.08.2026     247

ABŞ-nin Vaşinqton ştatında, xüsusilə Spokan şəhəri ətrafında baş verən genişmiqyaslı meşə yanğınları ciddi fəsadlara səbəb olub.

Redaktor.az xəbər verir ki, üç gündür davam edən yanğınlar nəticəsində ən azı 700 tikili tamamilə yararsız hala düşüb. Hadisə hazırda ölkə üzrə ən yüksək prioritetli yanğın hadisələrindən biri kimi qiymətləndirilir.

Məlumata görə, Spokan yaxınlığında başlayan yanğın qısa müddətdə 3200 hektardan çox ərazini əhatə edib. Təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunan sakinlərin sayı 64 min nəfərə çatıb. Halbuki bir gün əvvəl bu rəqəm 4 min nəfər təşkil edirdi.

Hadisə zamanı evlərini tərk etmək məcburiyyətində qalan sakinlər ağır anlar yaşayıb. Kami Fehliq adlı yerli sakin yanğının çox sürətlə yayıldığını və ailəsi ilə birlikdə son anda ərazidən uzaqlaşa bildiklərini bildirib. O, geri qayıtdıqda evinin tamamilə külə döndüyünü gördüyünü qeyd edib.

Hazırda bölgədə 1100-dən çox yanğınsöndürən alovun qarşısını almağa çalışır. Rəsmilər bildiriblər ki, indiyədək insan tələfatı və ya xəsarət alanlarla bağlı məlumat yoxdur, lakin yanğınsöndürənlərin zərərçəkmiş ərazilərə daxil olması ilə vəziyyətin dəyişə biləcəyi istisna edilmir.

Qeyd olunub ki, Vaşinqton ştatında ümumilikdə 15-dən çox iri yanğın ocağı mövcuddur və 250 min akrdan artıq ərazi alovun təsiri altındadır.

Dövlət Torpaqları Komissarı Deyv Upthegrove bildirib ki, bu mövsüm Sakit Okeanın şimal-qərb bölgəsi üçün son dərəcə ağır keçir. Yanğınların yaranma səbəbləri isə hələlik araşdırılır.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən