Giləmeyvə yığımı artıq dronlara həvalə OLUR

 23:07 05.08.2026     317

Rusiyada giləmeyvə yığımı üçün avtonom yerüstü dron hazırlanıb.

Redaktor.az xəbər verir ki, Kazan Dövlət Aqrar Universitetinin alimləri sənaye miqyasında giləmeyvələrin toplanması və daşınması üçün nəzərdə tutulmuş avtonom yerüstü dron hazırlayıblar.

Məlumata görə, qurğu diferensial ötürücülü tırtıllı elektrik platformasından ibarətdir. Hazırda onun əsas funksiyası yığılmış məhsulun tarladan anbara daşınmasıdır.

Alimlərin sözlərinə görə, giləmeyvə toplayan işçilər məhsulu yığdıqdan sonra dron müəyyən edilmiş qrafik üzrə toplama nöqtəsinə yaxınlaşır. Məhsul yükləndikdən sonra operator smartfon vasitəsilə göndərişi təsdiqləyir və dron yükü anbara çatdırır.

Bildirilib ki, qurğu təkcə uzaqdan idarə olunmur, həm də operatorun iştirakı olmadan verilən tapşırıqları müstəqil yerinə yetirə bilir. Hazırda dron sınaq mərhələsindədir.

Tərtibatçılar hesab edirlər ki, gələn mövsümdən etibarən müxtəlif avadanlıqlarla təchiz olunacaq bu dronun köməyi ilə 20 hektarlıq giləmeyvə sahəsinə cəmi bir neçə nəfər xidmət göstərə biləcək. Gələcəkdə isə platformaya giləmeyvə yığan kombayn, çiləmə və torpaq emalı avadanlıqlarının quraşdırılması planlaşdırılır.

Alimlər bildiriblər ki, layihənin əsas üstünlüyü mexaniki hissədə deyil, dronun bağ sahəsində müstəqil hərəkət etməsinə imkan verən idarəetmə sistemindədir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən