Vaşinqton razılaşmasının bir ili: Sülh müqaviləsi nə vaxt imzalanacaq? - Deputat DANIŞDI

 17:23 07.08.2026     651

Sabah Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması və Birgə Bəyannamənin imzalanmasının bir ili tamam olacaq. Bu müddət ərzində Azərbaycan və Ermənistan arasındakı münasibətlər daim diqqət mərkəzində olub. Hazırda əsas gözləntilərdən biri isə tərəflər arasında sülh müqaviləsinin tam olaraq imzalanması və uzunmüddətli sülh mərhələsinə keçidin təmin edilməsidir.

Milli Məclisin deputatı Asim Mollazadə Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan ABŞ-yə və Prezident Donald Trampa minnətdarlığını ifadə edib. Onun sözlərinə görə, Vaşinqtonda paraflanan sənədlər Azərbaycanın sülh gündəliyinə sadiqliyini və bu istiqamətdə atdığı addımları bir daha təsdiqləyir.

"Biz gözləyirik, öhdəlik Ermənistanın üzərindədir. Yaxın gələcəkdə öz konstitusiyasında dəyişikliklər həyata keçirəndən sonra paraflanmış sülh sazişi imzalana bilər. Azərbaycan demək olar ki, Ermənistanın yollarını açıb və biz Cənubi Qafqazda sülh, əməkdaşlıq, tərəfdaşlıq mühiti yaratmaq istəyirik".

Millət vəkili qeyd etdi ki, Azərbaycanın strategiyası qitələri birləşdirən strategiyadır:

"Bura enerji  və mədəni əlaqələr daxildir. Çünki Xəzərin sahilində bizim qardaş dövlətlərimiz var. Türkiyə ilə birgə biz dünyanı birləşdirən, əməkdaşlığa dəvət edən, qarşılıqlı maraqlar üzərində çalışan bir sistemi formalaşdırırıq. Ermənistan da sülh sazişinin imzalanmasından sonra bizim strategiyamızın tərkib hissəsi olacaq və mən əminəm ki, onlar da əməkdaşlıqda iştirak edəcəklər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən