Cənubi Koreyada kölgəli marşrutları göstərən tətbiq hazırlanıb
Cənubi Koreyada anomal istilər fonunda piyadalar üçün kölgəli marşrutları müəyyən edən mobil tətbiq istifadəyə verilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Podyom" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, "Geuneullo: Summer Routes for Walkers" adlı tətbiq Seul Milli Universitetinin 23 yaşlı tələbəsi Mincun Yu tərəfindən hazırlanıb. Proqram hazırda App Store-un "Naviqasiya" bölməsində birinci yerdə qərarlaşıb.
Tətbiq Günəşin mövqeyini, binaların və ağacların yaratdığı kölgələri analiz edərək istifadəçilər üçün ən sərin marşrutu müəyyənləşdirir. Bundan əlavə, sərnişinlər avtobusda Günəş düşməyən tərəfi, eləcə də metroda daha sərin yerləri də tətbiq vasitəsilə öyrənə bilirlər.
Qeyd edək ki, avqustun 2-də Cənubi Koreyanın cənub-şərqində yerləşən Yansan şəhərində havanın temperaturu 42,5 dərəcəyə çataraq 1904-cü ildən bəri müşahidə olunan ən yüksək göstərici olub. Avqustun 4-də isə Seulda temperatur 38 dərəcəyədək yüksəlib.
Xədicə BAXIŞLI













