Rusiyanın NATO-ya hücum ehtimalı azdır - Finlandiyanın sabiq prezidenti
Rusiyanın NATO ərazisinə hərbi hücum etməsi ehtimalı azdır.
Redaktor.az xəbər verir ki, bunu Finlandiyanın sabiq prezidenti Sauli Niinistö Almaniyanın "Der Spiegel" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanın NATO ərazisinə konvensional hərbi hücumundan ehtiyatlanmaq üçün ciddi əsas yoxdur. Niinistö hesab edir ki, Rusiya Ukraynadakı müharibədən əlavə yeni cəbhə açmaqda maraqlı deyil.
Bununla belə, sabiq prezident Avropanın Rusiyaya öz gücünü nümayiş etdirməsinin vacib olduğunu vurğulayıb. Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin avropalıları zəif hesab edir.
Niinistö Avropaya Rusiya ilə dialoqa başlamazdan əvvəl, o cümlədən hibrid müharibə sahəsində "çəkindirmə balansı" yaratmağı təklif edib. O, həmçinin ABŞ və Böyük Britaniya ilə sıx münasibətlərin qorunmasının vacibliyini qeyd edib. Sabiq prezidentin sözlərinə görə, bu ölkələr kollektiv təhlükəsizliyin təmin olunması baxımından daha geniş imkanlara malikdir.
Niinistö eyni zamanda Moskvanın Avropanı real hərbi təhlükə kimi qiymətləndirə biləcəyi ehtimalını istisna edib.
Xədicə BAXIŞLI













