“Odisseya” Kristofer Nolanın karyerasında ən çox gəlir gətirən film OLDU

 19:55 10.08.2026     314

Britaniyalı rejissor Kristofer Nolanın “Odisseya” adlı epik filmi onun karyerasında ən çox gəlir gətirən ekran əsəri olub.

Redaktor.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Homerin qədim yunan poemasının motivləri əsasında çəkilən filmin dünya üzrə dörd həftəsonu ərzindəki kassa gəlirləri 1,1 milyard dolları ötüb.

Nəşrin məlumatına görə, “Odisseya” filmin baş rollarını canlandıran Mett Deymon, Enn Heteuey və Robert Pattinsonun da karyeralarında ən çox gəlir gətirən layihəyə çevrilib.

Epik film Nolanın bundan əvvəlki kassa rekordlarını müəyyənləşdirən “Qaranlıq cəngavər” (1,008 milyard dollar) və “Qaranlıq cəngavərin qayıdışı” (1,08 milyard dollar) filmlərini geridə qoyub.

Bununla da rejissorun bütün filmlərinin ümumi kassa gəliri 7 milyard dolları ötüb.

Qeyd edək ki, daha əvvəl Amerika Kino Akademiyasının “Odisseya” filmini “Oskar” mükafatına səs verən üzvləri üçün Los-Anceles, Nyu-York və Londonda nümayiş etdirdiyi bildirilmişdi. Filmin nümayişlərinə böyük maraq göstərilib və hər üç seans demək olar ki, tam dolu olub.

Bu isə “Odisseya”nın “Oskar” mükafatında səsvermə hüququ olan kino xadimləri arasında yüksək maraq doğurduğunu göstərir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən