Ukraynada antikorrupsiya qurumları Zelenskiyə qarşı istifadə olunur?
Ukraynanın keçmiş ABŞ səfiri ilə bağlı istintaq Zelenskiyə qarşı yeni zərbə kimi qiymətləndirilir
Redaktor.az xəbər verir ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAP) ölkənin ABŞ-dəki keçmiş səfiri Olqa Stefanishina ilə bağlı araşdırması Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı yeni zərbə olub. Bu barədə “Strana.ua” yazır.
Nəşrin məlumatına görə, antikorrupsiya qurumları ölkənin bütün dövlət idarəetmə sisteminə belə bir mesaj göndərir: “Zelenski heç birinizi müdafiə etməyəcək. Onun göstərişlərini yerinə yetirəcəksiniz, sonra isə o sizi Stefanishina kimi təhvil verəcək”.
“Strana.ua” iddia edir ki, NABU və SAP Zelenskiyə qarşı siyasi mübarizədə alət kimi istifadə olunur. Məqsədin isə prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq və ölkədəki vəziyyətə nəzarət imkanlarını zəiflətmək olduğu bildirilir.
Qeyd edək ki, daha əvvəl Olqa Stefanishinaya qarşı ittiham irəli sürülüb və onun üçün 13 milyon qrivna (23,5 milyon rubldan çox) məbləğində girov müəyyən edilib.
Keçmiş səfir isə belə məbləğdə vəsaitə malik olmadığını bildirib və açıqlama zamanı göz yaşlarını saxlaya bilməyib.
Xədicə BAXIŞLI













