İngiltərədə radio səhvən Kral III Çarlzın öldüyünü elan ETDİ

 09:28 11.08.2026     266

İngiltərədə fəaliyyət göstərən Radio Caroline radiostansiyası Kral III Çarlzın öldüyünü səhvən elan edib. Böyük Britaniyanın rabitə və media tənzimləyicisi Ofcom yayımın qaydaları pozduğuna qərar verib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, əvvəlcədən hazırlanmış səs yazısı səhvən efirə verilib. Səs yazısında Kral III Çarlzın vəfat etdiyi və bununla əlaqədar normal yayımın dayandırıldığı bildirilib.

Elanın ardınca Böyük Britaniyanın dövlət himni səsləndirilib və təxminən 16 dəqiqə ərzində səssizlik olub.

Vəziyyətin anlaşılmasından sonra proqramın aparıcısı efirdə üzr istəyərək məlumatın səhvən yayımlandığını və hadisənin texniki xəta səbəbindən baş verdiyini bildirib.

Ofcom-un araşdırması zamanı məlum olub ki, studiya kompüterinə texniki xidmət göstərən əməkdaş maraq səbəbilə əvvəlcədən hazırlanmış səs fayllarını açıb. Lakin həmin faylların efirə getdiyini fərq etməyib.

Əməkdaş vəziyyəti anlayan kimi səs yazısını dayandırıb və daha sonra panikaya düşərək binanı tərk edib.

Ofcom bildirib ki, radio doğru və qərəzsiz məlumatların yayılması, eləcə də ciddi səhvlərin efirdə mümkün qədər qısa müddətdə düzəldilməsi ilə bağlı qaydaları pozub. Qurum xüsusilə ictimaiyyət üçün əhəmiyyətli olan məsələ ilə bağlı ciddi yanlış məlumat yayıldığını və düzəlişin təxminən 30 dəqiqə sonra efirə verildiyini vurğulayıb.

Radio Caroline rəhbərliyi hadisədən sonra məsul əməkdaşın xəbərdar edildiyini və onun üzr istədiyini açıqlayıb. Bənzər halın təkrarlanmaması üçün sözügedən səs fayllarının kompüterin iş masasından silindiyi və bütün yayım əməkdaşlarına müvafiq prosedurların yenidən xatırladıldığı bildirilib.

Qeyd edək ki, bu hadisə may ayında baş verib və araşdırma nəticələri indi ictimaiyyətə təqdim olunur.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən