Baydenin oğlu Netanyahunu "şərin təcəssümü" ADLANDIRDI
ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden İsrailin Baş naziri Binyamin Netanyahunu “şərin təcəssümü” adlandırıb.
Redaktor.az xəbər verir ki, Hanter Bayden bu barədə jurnalist Taker Karlsonun proqramına verdiyi müsahibə zamanı danışıb. Müsahibənin videosu Karlsonun “YouTube” kanalında yayımlanıb.
“Əgər antisemitizm Netanyahunun şərin təcəssümü olduğunu söyləməkdirsə, onda insanlara nə deyəcəyimi bilmirəm. Sadəcə gözlərinizi açmalısınız. Sözün əsl mənasında, gözlərinizi açın, bir anlıq ürəyinizi açın və anlayın”, – deyə Hanter Bayden bildirib.
Taker Karlson isə Netanyahunun tənqid edilməsinin antisemitizm kimi qiymətləndirilməsinin “açıq-aşkar yalan” olduğunu düşündüyünü vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin keçmiş prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Binyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını “qəzəbləndirici” adlandırmışdı.
Aminə ŞAHSUVARQIZI













