Trampdan Baydenə sərt ittiham: "ABŞ silah çatışmazlığı ilə üzləşir"
ABŞ Prezidenti Donald Tramp ölkədə sursat ehtiyatlarının azalmasının səbəblərindən birinin Co Bayden administrasiyasının Ukraynaya böyük həcmdə hərbi yardım göstərməsi olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Real America's Voice”a müsahibəsində danışıb.
“Bizim sursatla bağlı problemimiz yoxdur, bununla məşğul olmalıyıq, amma problemimiz yoxdur. Daha az sursatımızın olmasının və onu dəlicəsinə istehsal etməyimizin səbəbi onun (Co Bayden – red.) Ukraynaya 300 milyard dollar dəyərində sursat verməsidir. O, onlara hər şeyi verdi”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, Vaşinqton Kiyevə hərbi yardım göstərməkdə davam edir. Lakin Trampın sözlərinə görə, hazırda bu yardımı əsasən Avropa maliyyələşdirir.
“Onların pulu var və onlar maksimum qiyməti ödəyirlər”, – deyə Amerika lideri vurğulayıb.
Qeyd edək ki, son günlər ABŞ-nin sursat ehtiyatlarının azalması ilə bağlı xəbərlər yayılıb. Tramp isə daha əvvəl ölkənin kifayət qədər sursata malik olduğunu bildirib və bu barədə məlumatların şişirdildiyini iddia edib.
Aminə ŞAHSUVARQIZI













