"İran düşməni danışıqlar masasına oturmağa məcbur etdi" - Əraqçidən iddialı AÇIQLAMA

 13:39 11.08.2026     312

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin həm hərbi, həm də diplomatik müstəvidə ciddi uğurlar əldə etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, Əraqçi bu barədə Səhiyyə Nazirliyində keçirilən tədbirdə çıxışı zamanı danışıb.

Nazirin sözlərinə görə, ABŞ və İsrailin hücumları ilə başlayan münaqişə zamanı İranın göstərdiyi müqavimət ölkənin “məğlubedilməz güc” olduğunu sübut edib.

Əraqçi beynəlxalq ictimaiyyətin İranın mövqeyinə münasibətinə də toxunub. O bildirib ki, bir sıra ölkələrin rəsmiləri İranın müqavimətini “möcüzə” kimi qiymətləndiriblər.

Nazir qeyd edib ki, heç kim İranın ABŞ-yə qarşı bu cür müqavimət göstərəcəyini və nəticədə qarşı tərəfi danışıqlar masasına oturmağa məcbur edəcəyini gözləmirdi.

Əraqçi Donald Trampın ABŞ-nin İrana qarşı mövqeyini də xatırladıb. Onun sözlərinə görə, Vaşinqton əvvəlcə Tehrandan “şərtsiz təslimiyyət” tələb edib, lakin 20 gün sonra danışıqlar üçün müraciət edib.

İran xarici işlər nazirinin fikrincə, İran xalqı öz hüquqlarını diplomatik yollarla qorumağı bacardığını bütün dünyaya nümayiş etdirib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən