Sağsağan hücumundan sonra qız sol gözünü İTİRDİ
Qərbi Avstraliyada 12 yaşlı Sem Mudi sağsağanın hücumuna məruz qaldıqdan sonra sol gözünü itirib.
Redaktor.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Hadisə ötən ilin noyabrında baş verib. Avstraliya sağsağanı məktəbdən evə gedən Semə hücum edərək dimdiyi ilə onun gözünü yaralayıb. Qız dərhal anasına – Nikolə zəng edib, daha sonra kömək üçün müəllimlərin yanına gedib.
Hadisə yerinə gələn Nikol qızını basketbol məşqçisi ilə birlikdə idman zalının yardımçı otağında tapıb. Qadının sözlərinə görə, Sem əllərini üzündən çəkəndə hadisənin dəhşətli mənzərəsi ortaya çıxıb.
“Gözün zədələnmiş daxili toxumaları göz qapağının kənarından sallanırdı, həmin nahiyədən maye və qan axırdı. Bu, ürəkbulandırıcı mənzərə idi”, – deyə Nikol gördüklərini təsvir edib.
Xəstəxanada qız altı saat davam edən əməliyyata məruz qalıb. Əməliyyat zamanı cərrahlar gözün zədələnmiş bütün strukturlarını bərpa etməyə çalışıblar. Lakin iki gün sonra göz bülluru iltihablanıb və onun çıxarılması zərurəti yaranıb.
Həkimlər bildiriblər ki, Semin sol gözündə görmə qabiliyyətinin böyük ehtimalla heç vaxt bərpa olunmayacaq.
Xədicə BAXIŞLI













