Telefonları öz-özünə idarə edən süni intellekt GƏLİR
Texnologiya nəhəngi Google süni intellektin smartfonlardan istifadə vərdişlərini köklü şəkildə dəyişəcəyinə inanır. Şirkət istifadəçilərin hər bir əməliyyat üçün telefonlarını daim idarə etməsinə ehtiyac qalmayan, verilən tapşırıqları müstəqil şəkildə yerinə yetirən rəqəmsal köməkçilər hazırlamağı hədəfləyir.
Redaktor.az xəbər verir ki, şirkətin Android ekosisteminə cavabdeh rəhbəri Sameer Samat smartfonların gələcəyi ilə bağlı baxışlarını bölüşüb.
O bildirib ki, hazırda insanlar günün böyük hissəsini telefon ekranına baxaraq keçirirlər. Samatın sözlərinə görə, yeni nəsil süni intellekt sistemləri insanlara hər gün 10-30 dəqiqə vaxt qazandıra bilər.
Gələcəyin Android modelində istifadəçilərin sadəcə nə etmək istədiklərini və ya məqsədlərini bildirməsi kifayət edəcək. Sistem isə bir neçə mərhələdən ibarət olan prosesləri arxa planda özü yerinə yetirəcək.
Məsələn, həkim müayinəsindən sonra həkimin qeydlərini nəzərdən keçirmək, sığorta şirkəti ilə müvafiq xidmətin əhatə dairəsini yoxlamaq və daha sonra MRT müayinəsi üçün vaxt təyin etmək kimi müxtəlif tətbiqlərdən istifadə tələb edən proseslər gələcəkdə bir göstərişlə həyata keçirilə bilər.
Şirkət bu istiqamətdə ilk addımlarını yeni təqdim etdiyi modellərlə atmağa başlayıb. Yeni avadanlıq və proqram təminatı xüsusiyyətləri istifadəçilərin telefonu əlinə almadan və ya ekranı davamlı yoxlamadan süni intellektlə qarşılıqlı əlaqə qurmasını asanlaşdırmalıdır.
Səsli əmrlər üçün hazırlanan yeni vasitələr isə danışıq zamanı yaranan lazımsız fasilələri və kənar səsləri aradan qaldıraraq nitqi mətnə çevirir və ünsiyyət prosesini sürətləndirir.
Qlobal smartfon bazarının 70 faizindən çoxunda istifadə olunan Android bu sahədə tək deyil. Apple, Samsung və OpenAI kimi digər texnologiya nəhəngləri də istifadəçilərin şəxsi məlumatları ilə uyğun işləyən və tətbiqlər arasında müxtəlif əməliyyatları yerinə yetirə bilən süni intellekt imkanlarını inkişaf etdirirlər.
Bununla yanaşı, süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsinə baxmayaraq, istifadəçilər arasında bu sistemlərə qarşı etimadsızlıq hələ də qalır. Araşdırmalar istehlakçıların böyük hissəsinin süni intellektin cəmiyyətə təsirindən narahat olduğunu və şirkətlərin bu texnologiyadan məsuliyyətlə istifadə edəcəyinə tam güvənmədiyini göstərir. Google rəhbərliyi isə mürəkkəb texnoloji anlayışlardan daha çox, bu yeniliklərin insanların gündəlik həyatına verəcəyi praktik faydalara diqqət yetirilməsinin vacib olduğunu bildirir.
NURİYYƏ













