Ev kirayələməyə gedən cütlük "pitbull" hücumuna məruz QALDI

 16:30 13.08.2026     304

Hindistanın Pəncab əyalətinin Patiala şəhərində ev kirayələmək istəyən cütlük dəhşətli hadisə ilə üzləşib. Onlar baxmağa getdikləri evin qapısını açan kimi "pitbull"un hücumuna məruz qalıblar.

Redaktor.az “The Times of India” qəzetinə istinadla xəbər verir ki, hadisə çərşənbə axşamı Ghuman Nagar ərazisində baş verib.

Ankit Sabharwal və həyat yoldaşı Şifali kirayə evə baxmaq üçün əmlak agenti ilə birlikdə ünvana gediblər. Qapının kilidini açdıqları anda it cütlüyə hücum edib.

Qadın hücum nəticəsində qolları və bədəninin digər nahiyələrindən ağır xəsarətlər alıb və qolları ilə ayaqlarından əməliyyat olunub. Əri isə həyat yoldaşını qorumağa çalışarkən ayaqlarından və belindən dişlənib, bədəninə tikişlər qoyulub.

Hadisə zamanı ətrafdakı sakinlər dəyənəklərlə itin qarşısını almağa çalışıblar. Bir neçə nəfərin müdaxiləsindən sonra cütlüyü heyvandan uzaqlaşdırmaq mümkün olub. Zərərçəkən kişi itin sahibinin göstərişlərinə baxmayaraq hücumu dayandırmadığını bildirib.

Cütlük polisə müraciət edərək məsul şəxslərin ciddi şəkildə cəzalandırılmasını istəyib. Hadisədən sonra Patiala şəhərinin meri Kundan Qogia aqressiv it cinslərinin ev heyvanı kimi saxlanılmasının qadağan edilməsi məsələsinin bələdiyyə toplantısında müzakirəyə çıxarılacağını açıqlayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən