100 yaşlı əkizlərin həyat hekayəsi: Uzun ömrün sirri nədir?
ABŞ-də 100 yaşlı əkizlər Ceyn Sautvik və Bill Abbott uzunömürlülüklərinin sirrini açıqlayıblar.
Redaktor.az xəbər verir ki, “People”ın məlumatına görə, bacı-qardaş uzun ömürlərini əsasən genetika ilə əlaqələndirirlər. Onların valideynləri 95, böyük qardaşları isə 103 il yaşayıb.
Lakin əkizlər yalnız genetikaya güvənmirlər. Onlar pis vərdişlərdən uzaq durmağın da uzunömürlülükdə mühüm rol oynadığını bildiriblər. Sautvik əvvəllər siqaret çəkdiyini, lakin uzun müddət əvvəl bu vərdişdən imtina etdiyini deyib. Abbott isə spirtli içki, hətta pivə belə içə bilmədiyini bildirib. Onun sözlərinə görə, pivə içdikdə yuxusu gəlir.
Ceyn Sautvik və Bill Abbott 8 aprel 1926-cı ildə Havayda dünyaya gəliblər. Abbott İkinci Dünya müharibəsi illərində ABŞ ordusunda xidmət edib. Sautvik isə ailə qurub və beş övladı olub.
Sautvik döş xərçəngindən sağalıb və ağciyər problemləri yaşayıb. Abbott isə infarkt keçirib. Buna baxmayaraq, hər ikisi 100 yaşına çatmağı bacarıb.
Əkizlər COVID-19 pandemiyasından əvvəl tez-tez səyahət ediblər. Hazırda isə bir-birinin qonşuluğunda yaşayırlar. Onların münasibəti illər keçməsinə baxmayaraq dəyişməyib və hələ də bir-birinin cümlələrini tamamlayırlar.
Aytəkin TOFİQQIZI













