Tunc dövrünə aid üzüklərdə meteorit mənşəli metal AŞKARLANDI

 14:45 14.08.2026     250

Alimlər Aralıq dənizi hövzəsində Tunc dövrü elitasının meteorit mənşəli dəmirdən hazırlanmış üzüklər taxdığını müəyyən ediblər. Bu zinət əşyalarının təxminən 3800-3000 il əvvəl hakimiyyət və yüksək sosial status simvolu kimi istifadə edildiyi bildirilir.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Archaeological Science" jurnalında dərc olunub.

Tədqiqatçılar 100-dən çox qədim artefaktı araşdıraraq Mino və Mikena mədəniyyətlərinə aid 91 dəmir əşyaya xüsusi diqqət yetiriblər. Onlardan 13-də nikel aşkar edilib ki, bu da metalın meteorit mənşəli olmasının əsas göstəricilərindən hesab olunur.

Məlum olub ki, həmin əşyaların hamısı bəzək məqsədilə hazırlanmış üzüklərdir. Bəzi nümunələrdə qızıl və gümüşdən də istifadə olunub.

Üzüklərin bir çoxu qədim məzarlıqlardan, o cümlədən Mikena qəbirlərindən tapılıb. Onlardan birinin isə ehtimal olunan Mino ali kahininin barmağını bəzədiyi bildirilir. Araşdırma müəlliflərinin fikrincə, “göydən gələn metal”dan hazırlanan bu zinət əşyaları saray elitası arasında nüfuz və status rəmzi olub.

Alimlər meteorit dəmirinin, ehtimal ki, Misirdən gətirildiyini düşünürlər. Belə ki, quraq səhra şəraitində meteoritlər Yunanıstanın daha rütubətli iqlimi ilə müqayisədə daha yaxşı qorunub.

Mənbəyə görə, filizdən dəmir əldə olunması təxminən eramızdan əvvəl 1400-cü ildə başlasa da, meteorit mənşəli dəmirdən hazırlanan üzüklər uzun müddət elita arasında populyarlığını qoruyub.

Bu ənənənin təxminən eramızdan əvvəl 1200-cü ildə, ehtimal ki, tədarük problemləri və ya zövqlərin dəyişməsi səbəbindən aradan qalxdığı qeyd olunur. Araşdırma Tunc dövrü Yunanıstanında əvvəllər sənədləşdirilməmiş meteorit mənşəli artefaktlarla bağlı mühüm boşluğu doldurub.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən