Taylanda gedən turistlərə yeni rüsum tətbiq ediləcək

 22:20 14.08.2026     248

Taylandın Turizm və İdman Nazirliyi ölkəyə gələn əcnəbi turistlər üçün 450 bat (təxminən 15 dollar) məbləğində turist rüsumunun tətbiqini təsdiqləyib. Lakin rüsumun qüvvəyə minməsi üçün hələ ictimai dinləmələr keçirilməli və məsələ hökumətin təsdiqinə təqdim edilməlidir.

Redaktor.az xəbər verir ki, 450 bat məbləğində rüsum Milli Turizm Siyasəti Komitəsi tərəfindən təsdiqlənib.

Bildirilib ki, toplanacaq vəsait xüsusi fonda yönəldiləcək. Bu vəsaitdən turizm infrastrukturunun inkişafı, turistlərin təhlükəsizliyinin təmin edilməsi və Taylandın beynəlxalq turizm bazarında tanıdılması məqsədilə istifadə olunması planlaşdırılır.

Taylandın Turizm və İdman naziri Surasak Pançaroenvorakun bildirib ki, rüsumun tətbiqindən əldə ediləcək gəlirlər ölkənin turizm sektorunun inkişafına töhfə verəcək.

Bununla yanaşı, 2026-cı il oktyabrın 1-dən ölkədə daxili turizmi stimullaşdırmağa yönəlmiş “Thailand Tourism Plus” proqramının da həyata keçirilməsinə başlanacaq.

Proqram çərçivəsində Tayland vətəndaşlarına “Pao Tang” mobil tətbiqi vasitəsilə 1 000 bat məbləğində kuponlar təqdim ediləcək. Proqramın 540 min nəfəri əhatə etməsi və iqtisadi geriləmə şəraitində yerli biznesə dəstək göstərməsi nəzərdə tutulur.

Nazir proqramın əvvəlki təşəbbüs başa çatdıqdan dərhal sonra istifadəyə verilməsinin planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, sistem hazır olacağı təqdirdə proqram oktyabrın 1-də başlayacaq.

Tayland hakimiyyəti əcnəbi turistlər üçün tətbiq ediləcək rüsumun ölkəyə gələn turistlərin sayına ciddi təsir göstərməyəcəyini düşünür. Bildirilir ki, əldə olunacaq vəsait turizm infrastrukturunun modernləşdirilməsinə və ölkənin beynəlxalq turizm bazarında rəqabət qabiliyyətinin artırılmasına yönəldiləcək.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən