"Trampdan F-35 ilə bağlı söz almışam, yerinə yetirilməsini gözləyirəm" - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Türkiyənin “F-35” proqramına yenidən daxil edilməsi ilə bağlı verdiyi vədin icrasını gözlədiklərini bildirib.
Redaktor.az xəbər verir ki, Ərdoğan “Əl-Cəzirə” telekanalına müsahibəsində beynəlxalq münasibətlər və regiondakı vəziyyətlə bağlı açıqlamalar verib.
Ərdoğan bildirib ki, Donald Trampdan Türkiyənin “F-35” proqramına qayıtması ilə bağlı konkret vəd alıb.
Türkiyə lideri Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan “Məkkə Sazişi”nin dünyaya mühüm mesaj verdiyini qeyd edib. O, gələcəkdə əməkdaşlıq formatının genişləndirilə biləcəyini və Misirin də prosesə qoşulmasının mümkün olduğunu söyləyib.
Suriya ilə bağlı danışan Ərdoğan Şamla münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıb və yaxın gələcəkdə Suriyaya səfər etməyi planlaşdırdığını açıqlayıb.
Qəzza məsələsinə də toxunan Türkiyə Prezidenti beynəlxalq ictimaiyyəti daha qətiyyətli olmağa çağırıb. O, “Qəzzanı təkbaşına buraxa bilmərik” deyərək, HƏMAS-ın öhdəliklərini yerinə yetirdiyini, İsrailin isə hücumları davam etdirməklə sülhə mane olduğunu bildirib.
Avropa İttifaqı ilə münasibətlərə gəlincə, Ərdoğan Aİ-nin Türkiyəni üzvlüyə qəbul etmək istəmədiyini deyib. Prezident bunun artıq Ankara üçün əsas prioritet olmadığını vurğulayaraq, “Bu prosesdə itirən tərəf Avropa olacaq” ifadəsini işlədib.
Aminə ŞAHSUVARQIZI













