BƏƏ İran tərəfindən buraxılan iki ballistik raketi AŞKARLADI
Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılan iki ballistik raketi aşkarlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, raketlərdən biri BƏƏ-nin ərazi sularına düşüb, digəri isə ölkənin ərazi sularından kənarda yerə düşüb.
Nazirlik İran tərəfindən yarana biləcək istənilən təhdidə cavab verməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinin Hörmüz boğazına tam nəzarət etdiyini açıqlayıb. Ağ Ev rəhbərinin sözlərinə görə, İranın donanması və hərbi hava qüvvələri yoxdur, ölkədə qalan hərbçilər isə “maaş almır”. O əlavə edib ki, Tehran “yalnız saxta xəbərlərə və 300 faizlik inflyasiyaya malikdir” və vəziyyət getdikcə pisləşir.
Avqustun 8-də İran BƏƏ-nin neft-qaz şirkəti “Adnoc”a məxsus gəmi Hörmüz boğazından keçərkən ona raket zərbəsi endirib. BƏƏ İslam Respublikasının gəmiyə hücumunu pisləyib və bunu kommersiya gəmilərinə qarşı “piratlıq hərəkəti” adlandırıb.
Ölkənin Xarici İşlər Nazirliyində bildirilib ki, İran bununla BMT Təhlükəsizlik Şurasının dəniz nəqliyyatının azadlığı ilə bağlı qətnaməsini pozur və su yollarından iqtisadi təzyiq vasitəsi kimi istifadə edir.
Xədicə BAXIŞLI













