Rusiya ABŞ-dən asılılığı azaltmaq üçün süni intellekt çiplərini lokallaşdırmaq İSTƏYİR

 09:39 19.08.2026     183

Rusiya Sənaye və Ticarət Nazirliyi süni intellekt (Sİ) üçün nəzərdə tutulan çiplərin və sürətləndiricilərin lokallaşdırılma səviyyəsini müəyyən etmək məqsədilə yeni bal sisteminin tətbiqini müzakirə edir.

Redaktor.az bildirir ki, “Komersant”ın məlumatına görə, nazirlik elektronika istehsalçıları ilə bu məsələnin detallarını müzakirə edir. Yeni tələblərin yerli radioelektron məhsullarının tanınması qaydalarını tənzimləyən hökumətin 719 saylı qərarına daxil edilməsi nəzərdə tutulur.

Yeni qaydalar Sİ xüsusiyyətlərinə malik mikrosxemlərə, neyron şəbəkələrinin sürətləndiricilərinə və məlumatların avtomatik emalı üçün nəzərdə tutulan hesablama qurğularına şamil oluna bilər.

Rusiya radioelektron məhsulları reyestrinə daxil olmaq üçün istehsalçılardan yerli komponentlərdən və istehsal texnologiyalarından istifadəyə görə müəyyən sayda bal toplamaq tələb olunacaq. Lakin hazırda tələb ediləcək bal sayının dəqiq həddi müəyyənləşdirilməyib.

Təşəbbüsün əsas məqsədlərindən biri Rusiya bazarında ABŞ istehsalı olan süni intellekt sürətləndiricilərinin və digər xarici analoji məhsulların payının artımını məhdudlaşdırmaqdır.

Rusiyanın Sİ prosessoru hazırlayan “HayTek” şirkətinin nümayəndəsi bildirib ki, bu addım kritik informasiya infrastrukturu obyektlərində və müdafiə-sənaye kompleksinin müəssisələrində xarici sürətləndiricilərdən kütləvi istifadənin qarşısını almağa imkan verəcək.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən