Müttəfiqlərimizi istənilən təhlükədən qorumağa hazırıq - NATO-dan İrana CAVAB
NATO Avropadakı ABŞ hərbi obyektlərinə mümkün İran hücumları ilə bağlı xəbərlərə münasibət bildirib. Alyans istənilən təhlükəyə qarşı durmağa və bütün müttəfiqlərini müdafiə etməyə hazır olduğunu açıqlayıb.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, NATO rəsmisi bu barədə İranın ABŞ ilə münaqişənin daha da gərginləşəcəyi halda Avropadakı Amerika hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirməsi barədə yayılan məlumatları şərh edərkən bildirib.
“Bu ilin əvvəlində baş verən hadisələr göstərdi ki, NATO-nun HHM sistemləri İrandan Türkiyə istiqamətində buraxılan ballistik raketləri dörd dəfə uğurla ələ keçirib. Bu, çəkindirmə və müdafiə sahəsində mövqeyimizin möhkəm və effektiv olduğunu göstərir”, - deyə NATO rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, hərbi alyans istənilən təhlükəyə qarşı mübarizə aparmağa hazırdır və bütün müttəfiqlərini qorumaq üçün lazım olan addımları atacaq.
Qeyd edək ki, bundan əvvəl “Financial Times” mənbələrə istinadən İranın ABŞ tərəfindən münaqişənin daha da gərginləşdiriləcəyi təqdirdə Avropadakı Amerika hərbi obyektlərinə zərbələr endirmək ehtimalını nəzərdən keçirdiyini yazmışdı.
Məlumata görə, Tehran xüsusilə Cənub-Şərqi Avropada yerləşən ABŞ obyektlərinə zərbə endirmək variantını müzakirə edib. Potensial hədəflər sırasında ABŞ hərbçilərinin təyyarələrə yanacaq doldurmaq üçün istifadə etdiyi Bolqarıstandakı Bezmer aviabazası və Kiprdəki bəzi obyektlərin olduğu bildirilir.
NURİYYƏ













