Kraliça Kamilla III Çarlzın xərçəng diaqnozunu gizli saxlamağın çətin olduğunu DEYİB
Böyük Britaniya kralı III Çarlzın həyatını təhlükə altına qoyan xəstəlik diaqnozunu Bukingem sarayının rəsmi açıqlamasına qədər gizli saxlamaq Kraliça Kamilla üçün çox çətin olub.
Redaktor.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Kamilla prezidentlik etdiyi “Maggie’s” xeyriyyə təşkilatının 30 illiyi münasibətilə hazırlanan yeddi dəqiqəlik videoda ərinin xəstəliyindən 2024-cü ilin yanvar ayının sonunda xəbər tutduğunu bildirib. Məhz həmin vaxt o, Londonun “Royal Free Hospital” xəstəxanasında xərçəng xəstələrinə dəstək göstərən yeni mərkəzin açılışında iştirak edib.
“Heç kim heç nə deyə bilməzdi və bu, olduqca çətin idi. Az qala ağzımdan qaçırdım, amma bunun üçün vaxt olmadığını hiss edirdim. Çox istəyirdim ki, bunu danışım, amma əlbəttə ki, olmazdı”, - deyə Kamilla “Maggie’s” təşkilatının baş icraçı direktoru ilə söhbətində bildirib.
Mərkəzin açılışı 2024-cü il fevralın 5-də Bukingem sarayının monarxa xərçəng diaqnozu qoyulduğunu rəsmən elan etməsindən cəmi beş gün əvvəl baş tutub.
Kraliça həmin gün xəstələrlə görüşünün onun üçün xüsusilə təsirli olduğunu etiraf edib: “Mən əziyyət çəkən insanlara və onların yaxınlarına baxırdım və bu, belə yerlərin nə qədər vacib olduğunu daha dərindən anlamağıma səbəb oldu”.
Kamilla həmçinin ərinin diaqnozunun xərçəng xəstələri ilə işə münasibətini dəyişdiyini bildirib.
“Əvvəllər bu, heç vaxt mənə şəxsən toxunmamışdı və birdən ərinə xərçəng diaqnozu qoyulur. Düşünürsən: “Aman Allah, bütün bu müddət ərzində mən bu insanlarla danışmışam, indi isə özüm yaxın adamı xəstələnən biriyəm və zavallı ərimə kömək etməli, bütün bunların öhdəsindən gəlməyə çalışmalıyam””, - deyə kraliça bildirib.
Xədicə BAXIŞLI













