Keniyada fillərin kütləvi ölüm səbəbi ARAŞDIRILIR

 09:16 20.08.2026     234

Keniyada iyun ayından bəri ən azı 20 fil ölüb. Heyvanların ölüm səbəbi hələ də dəqiq müəyyən edilməyib.

Redaktor.az “France-Presse” agentliyinə istinadla xəbər verir ki, hadisələr ölkənin cənubundakı Amboseli Milli Parkı ərazisində baş verib.

Ölən fillərdə nəfəs almaqda çətinlik və qismən iflic kimi oxşar əlamətlər müşahidə olunub. Ölən heyvanların əsasən dişi və gənc erkək fillər olduğu bildirilib.

İyulun sonunda aparılan ilkin laboratoriya müayinələri zamanı fillərin cəsədlərində yüksək zəhərli maddə olan siyanid aşkarlanıb. Bununla belə, bəzi mütəxəssislər zəhərlənmənin ölümə səbəb olduğuna şübhə ilə yanaşırlar.

Araşdırma zamanı fillərin mədəsində yaxınlıqdakı fermalardan gətirilən pomidorlar da tapılıb. Bu isə heyvanların kənd təsərrüfatında istifadə olunan pestisidlərdən zəhərlənməsi ehtimalını gündəmə gətirib.

Lakin Maasai fermerləri bu ehtimalı rədd ediblər. Onlar həmin pomidorlardan özlərinin də istifadə etdiyini və zəhərlənmədiklərini bildiriblər.

Hadisə ilə bağlı araşdırma davam edir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən