Yaponiyada militarizm ruhu yenidən canlanıb - Çin səfiri
Yaponiya hərbi gəmilərini təyyarədaşıyan gəmilərə çevirməklə yanaşı, orta və uzaq mənzilli raketlər də hazırlayır.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfiri Can Hanxuey bildirib.
Diplomat TASS üçün yazdığı məqalədə Yaponiyanın son dövrlərdə hərbi sahədə atdığı addımlara diqqət çəkib.
“Ölkə ilk dəfə “Patriot” raketlərini reeksport edib və ölümcül silahların ixracına dair məhdudiyyətləri pozaraq freqatların ixracına başlayıb”, - deyə Çin səfiri bildirib.
Can Hanxuey qeyd edib ki, İkinci Dünya müharibəsinin sonunda qəbul edilmiş Qahirə və Potsdam bəyannamələri, eləcə də Yaponiyanın kapitulyasiya aktı beynəlxalq hüquq baxımından hüquqi qüvvəyə malikdir və Yaponiyanın beynəlxalq öhdəliklərini aydın şəkildə müəyyənləşdirir.
Onun sözlərinə görə, Yaponiya Konstitusiyası da ölkənin hərbi gücdən istifadə imkanlarını və döyüş əməliyyatları aparmaq hüququnu ciddi şəkildə məhdudlaşdırır.
Çin səfiri İkinci Dünya müharibəsindən sonra Yaponiyanın militarizmdən tam şəkildə uzaqlaşa bilmədiyini də iddia edib.
“Yaponiya bu günədək hərbi cinayətkarları ehtiramla yad edir və militarizm ruhundan tamamilə qurtula bilməyib”, - deyə diplomat vurğulayıb.
NURİYYƏ













