Avropalı ailələr enerji böhranının yükünü daşıyır: 19 milyard avro əlavə xərc

 10:04 20.08.2026     240

Avropalılar Yaxın Şərqdəki münaqişə səbəbindən enerji xərclərinə əlavə olaraq 19 milyard avro ödəyiblər.

Redaktor.az xəbər verir ki, “İzvestiya” qəzeti İranla müharibənin Avropa ailələrinin büdcəsinə təsirini hesablayıb.

Məlumata görə, Hörmüz boğazının bağlanması və sonradan mart-iyun aylarında enerji qiymətlərinin artması nəticəsində Aİ ölkələrində ev təsərrüfatlarının enerji xərcləri əhəmiyyətli dərəcədə yüksəlib. Hesablamalarda elektrik enerjisi və avtomobil yanacağının qiymətlərindəki dəyişikliklər fevral ayındakı göstəricilərlə müqayisə edilib.

Əlavə xərclər mart ayında təxminən 4,1 milyard avro, apreldə 5,8 milyard avro, mayda 5,2 milyard avro, iyunda isə 3,8 milyard avro təşkil edib.

Bununla belə, istehlak səviyyəsi dəyişməyib. Avropalılar qiymətlərin bahalaşmasına baxmayaraq əvvəlki həcmdə enerji və yanacaq almağa davam ediblər.

Bu dövrdə ən böyük əlavə xərclər Fransada qeydə alınıb. Belə ki, ölkədə ailələrin enerji xərcləri 4,3 milyard avro artıb. Almaniyada bu göstərici 3,6 milyard avro, İtaliyada isə 3,36 milyard avro təşkil edib.

Qeyd olunur ki, hesablamalara biznes xərcləri, eləcə də ərzaq, aviabiletlər, ictimai nəqliyyat və xidmətlərin qiymətlərindəki dolayı artımlar daxil edilməyib. Bu isə enerji qiymətlərinin bahalaşmasının real iqtisadi təsirinin daha böyük ola biləcəyini göstərir.

Çünki istehsalçı və təchizatçılar artan enerji xərclərini digər məhsul və xidmətlərin qiymətlərinə də əlavə edə bilərlər.

Münaqişənin davam etməsi halında isə Avropa ailələrinin hazırkı həyat səviyyəsini qorumaq üçün 2026-cı ilə qədər təxminən 88,8 milyard avro, yəni 7,8 trilyon rubldan çox, əlavə xərc çəkməli ola biləcəyi bildirilir.

Daha əvvəl Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Tino Krupalla ABŞ və Aİ-nin Rusiya və İrana qarşı qarşıdurma siyasətinin Avropanı əlverişli enerji resurslarından məhrum etdiyini bildirib.

O, Almaniyanın tam doldurulmuş qaz anbarlarına və kifayət qədər enerji ehtiyatlarına ehtiyacı olduğunu vurğulayıb. Krupalla həmçinin münaqişələrin sülh yolu ilə həlli yollarının axtarılmasına çağırıb.

“Biz böhranlara və müharibələrə dözməməli və ya onları daha da şiddətləndirməməliyik, əksinə onların qarşısını almalı və onlara son qoymalıyıq”, - deyə siyasətçi qeyd edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən