Paşinyanın partiyası Ermənistanın xarici siyasət prioritetlərini AÇIQLADI

 10:46 20.08.2026     247

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası ölkənin növbəti beş il üçün xarici siyasət prioritetlərini müəyyən edib.

Redaktor.az xəbər verir ki, bununla bağlı layihə Ermənistanın vahid elektron hökumət portalında dərc olunub.

Sənəddə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.

Yerevanın növbəti beş il ərzində Avropa İttifaqı ilə əməkdaşlığı da genişləndirmək niyyətində olduğu qeyd edilib. Bu əməkdaşlığın Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi çərçivəsində inkişaf etdirilməsi planlaşdırılır.

Bundan başqa, Ermənistan ABŞ ilə münasibətlərini daha da dərinləşdirməyi planlaşdırır. Sənəddə bu istiqamətdə əsas layihələrdən birinin “Tramp marşrutu” kimi tanınan TRIPP layihəsi olacağı vurğulanıb.

Qeyd edək ki, daha əvvəl Ermənistanın inkişaf planına Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin, dünyəvi adı Ktrij Nersisyan, vəzifəsindən uzaqlaşdırılmasını tələb edən bəndin daxil edildiyi bildirilmişdi.

Paşinyanın partiyasının nümayəndələri bu addımı “xarici təsirə” qarşı mübarizə və kilsənin siyasiləşməsinin qarşısının alınması cəhdi kimi izah ediblər.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən