Rus vətəndaşları ABŞ-dən Rusiyaya deyil, İrana deportasiya EDİLDİLƏR
ABŞ İmmiqrasiya və Gömrük Polisi (ICE) 2025-ci ildə bir neçə Rusiya vətəndaşını İrana deportasiya edib.
Redaktor.az xəbər verir ki, bu barədə RTVI.US Milli İran-Amerika Şurasına (NIAC) istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ məhkəməsi İran pasportu olmayan Rusiya vətəndaşlarının İslam Respublikasına deportasiya edilməsini qadağan etsə də, bir neçə Rusiya vətəndaşı ICE əməkdaşları tərəfindən İrana göndərilib.
Deportasiya qərarının 2025-ci ilin iyununda İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirdiyi dövrdə verildiyi bildirilir. Həmin il ABŞ-də saxlanılan İran vətəndaşlarının ümumi sayının 577 nəfər olduğu qeyd edilir.
NIAC-ın məlumatına əsasən, deportasiya prosesinin təşkilinə həmin dövrdə miqrasiya idarəsinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Todd Layons və ICE-nin digər yüksəkvəzifəli əməkdaşları cavabdeh olub.
Əməliyyatın logistikasına dair bəzi elektron məktublarda Qətərin daxili təhlükəsizliyi təmin edən xüsusi təyinatlı qüvvələrinin – “Lekhwiya”nın da prosesdə iştirakından bəhs olunub.
Bildirilir ki, əməliyyat zamanı ICE-nin ən azı bir əməkdaşı Pakistanın İrandakı maraqlar bölməsi ilə sıx əlaqədə olub. Həmin şəxsin humanitar səbəbləri əsas gətirərək deportasiya siyahısına yeni şəxslərin daxil edilməsinə çalışdığı da qeyd edilir.
NURİYYƏ













