Qədim quyuda ritual qurbanının izləri AŞKARLANDI

 13:40 21.08.2026     302

Şotlandiyada arxeoloqlar qədim quyunun dibində yetkin insana aid qalıqlar aşkar ediblər.

Redaktor.az “The Independent”ə istinadən xəbər verir ki, tədqiqatçıların fikrincə, həmin şəxs Dəmir dövründə quyunun bağlanması ilə bağlı keçirilən ritual zamanı qurban kəsilmiş ola bilər.

Təxminən 3 metr uzunluğunda və 1 metr dərinliyində olan quyu karxananın genişləndirilməsi zamanı aşkarlanıb. Daş lövhələrlə üzlənən və gil ilə möhkəmləndirilən quyunun dibində insan qalıqları ilə yanaşı, heyvan sümükləri də tapılıb.

Arxeoloqlar heyvan sümüklərinin insan dəfninin üzərinə yerləşdirildiyini müəyyən ediblər. Lakin başqa dəfn əşyaları aşkar edilməyib.

Mütəxəssislər bu dəfnin tikilinin bağlanması zamanı həyata keçirilən ritualın bir hissəsi ola biləcəyini düşünürlər. Dəmir dövrünə aid digər ərazilərdə də oxşar dəfn mərasimlərinə rast gəlinib.

Qalıqların cinsi, dəqiq yaşı və ölüm səbəbi hələ müəyyən edilməyib. Onların araşdırılmasının bir neçə ay davam edəcəyi gözlənilir.

Quyunun yaxınlığında əvvəllər Dəmir dövrünə aid “Camor Meşəsi” yaşayış məskəninin qalıqları da aşkar edilib. Burada ən azı 20 daxmanın izləri tapılıb. Lakin insan qalıqları ilə həmin yaşayış məskəni arasında əlaqə hələ müəyyənləşdirilməyib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən