İki həftə qidasız qalan şirlərdən biri digərini öldürdü - İDDİA
Kubadakı "Las Tunas" Zooparkında bir şir eyni qəfəsdə saxlanılan digər şirə hücum edərək onu öldürüb.
Redaktor.az “Cuba Headlines”ə istinadən xəbər verir ki, heyvan hüquqları fəalları hadisənin şirlərin uzun müddət qidasız qalması ilə bağlı olduğunu iddia ediblər. Onların sözlərinə görə, şirlər iki həftə ərzində ət almayıb, halbuki gündəlik 6-7 kiloqram qida ilə təmin edilməlidirlər.
Fəallar bildiriblər ki, zooparkın ət almaq üçün kifayət qədər vəsaiti yoxdur. Onlar həmçinin heyvanların saxlanıldığı qəfəslərin 2019-cu ildən təmir edilmədiyini və bəzi heyvanların vəziyyətinin ağır olduğunu qeyd ediblər.
Yerli hakimiyyət orqanları şirlərdən birinin öldüyünü təsdiqləsə də, hadisənin aclıqla bağlı olduğunu təkzib edib. Rəsmilər şirlərin sadəcə oynadığını və ölümcül qarşıdurmanın qidalanmadan sonra baş verdiyini bildiriblər.
Heyvan hüquqları fəalları isə bu açıqlama ilə razılaşmayıb və şirin hadisədən sonra yemləndirildiyini iddia ediblər. Zooparkdakı heyvanların vəziyyəti ilə bağlı şikayətlərin əvvəlki illərdə də olduğu bildirilir.
Aytəkin TOFİQQIZI














