Kreml Ukraynanın “Maşa və Ayı” ilə bağlı sanksiyalarını tənqid ETDİ
Kreml Ukraynanın “Maşa və Ayı” cizgi serialının yaradıcılarına qarşı sanksiyalar tətbiq etməsini tənqid edib.
Redaktor.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu qərarın Ukrayna hakimiyyətinin “eybəcərliyini” nümayiş etdirdiyini bildirib.
Peskov qeyd edib ki, məşhur cizgi serialının personajları mehribanlığı, insanpərvərliyi və ən yaxşı insani keyfiyyətləri təbliğ etməklə dünyada böyük populyarlıq qazanıb.
“Ukraynanın cizgi filmləri ilə də müharibəyə başlaması Kiyev rejiminin eybəcərliyini bir daha göstərir”, - deyə o bildirib.
Xatırladaq ki, avqustun 20-də Ukrayna Prezidenti “Maşa və Ayı” rus cizgi serialının yaradıcılarına qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər serialı istehsal edən “Animaccord” studiyasına və layihənin prodüseri Dmitri Loveykoya şamil olunub.
Qərara əsasən, cizgi serialının Ukrayna ərazisində yayımlanması və yayılması tam şəkildə bloklana bilər.
Ukrayna rəsmiləri və deputatları daha əvvəl də bu məzmunun məhdudlaşdırılmasına çağırış ediblər. Onların fikrincə, “Maşa və Ayı” layihəsi Rusiyanın “yumşaq güc” elementlərindən biridir və serialın baxışlarından, o cümlədən ukraynaca versiyasından əldə olunan gəlirlər vergi şəklində Rusiya büdcəsinə daxil olur.
NURİYYƏ













