Ukrayna MDB ilə vətəndaşların təxliyəsi haqqında müqavilədən ÇIXIR
Ukrayna Ali Radası fövqəladə hallar zamanı üçüncü ölkələrdən vətəndaşların təxliyəsi ilə bağlı MDB çərçivəsində imzalanmış müqavilədən çıxmağı nəzərdə tutan qanun layihəsini qeydiyyata alıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin parlamentdəki nümayəndəsi Taras Melniçuk özünün teleqram kanalında məlumat verib.
O bildirib ki, sözügedən müqavilə 12 aprel 1996-cı ildə Moskvada imzalanıb və Ukrayna tərəfindən 5 noyabr 1998-ci ildə ratifikasiya edilib.
Ukrayna hakimiyyəti son illərdə Rusiya və Belarusla, eləcə də MDB çərçivəsində imzalanmış bir sıra müqavilələrdən çıxdığını elan edir.
Belə ki, 2026-cı ilin yanvarında Ukrayna hökuməti Belarusla gömrük əməkdaşlığı haqqında müqaviləni ləğv edib. Bundan əvvəl Kiyev Moskva ilə məxfi rabitə vasitələrinin yaradılması haqqında müqavilədən çıxıb.
Ukrayna həmçinin MDB ilə azad ticarət zonasının fəaliyyət şərtləri ilə bağlı müqaviləni də ləğv edib.
Bundan əvvəl isə Ukrayna iki ölkə arasındakı dövlət sərhədinə birgə nəzarət haqqında Rusiya ilə bağlanmış müqavilədən çıxmışdı.
Aminə ŞAHSUVARQIZI













