Belarus Finlandiyadakı səfirliyini bağlayır - "Artıq ehtiyac yoxdur"

 20:05 21.08.2026     266

Belarus Finlandiyadakı səfirliyinin fəaliyyətini dayandırmaq qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov TASS-a açıqlamasında bildirib.

“Çünki artıq buna ehtiyac yoxdur”, - deyə nazir qərarı belə izah edib.

Belarusun Helsinkidəki diplomatik nümayəndəliyi 1 sentyabr 2026-cı il tarixindən fəaliyyətini dayandıracaq. Belarus Xarici İşlər Nazirliyinə bununla bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb. Səfirliyin bağlanması ilə bağlı xərclər diplomatik nümayəndəliyin saxlanılması üçün nəzərdə tutulan vəsait hesabına qarşılanacaq.

Qeyd edək ki, iyul ayında Belarusun Finlandiyadakı səfirliyi 2026-cı ilin avqustundan etibarən fəaliyyətin müvəqqəti dayandırılacağı barədə xəbərdarlıq etmişdi.

Belarus və Finlandiya arasında diplomatik münasibətlər 1992-ci ilin fevralında qurulub. Lakin Belarusun Helsinkidəki diplomatik missiyası fəaliyyətə yalnız 2011-ci ilin dekabrında başlayıb.

2024-cü ilin martında Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanın Finlandiyadakı səfiri Aleksey Samosuyevi vəzifəsindən azad edib.

Bundan əvvəl Latviya Belarusla sərhədini bağlamışdı.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən