Çində kinoteatrda yatmaq üçün qeyri-adi xidmət yaradıldı - Qiyməti cəmi 1 yuan

 20:39 21.08.2026     334

Çinin Sian şəhərindəki bir kinoteatr şəbəkəsi ofis işçiləri üçün gündüz yuxusu xidmətinə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Sina” portalı məlumat yayıb.

Məlumata görə, kinoteatr şəbəkəsi iş günlərində “gündüz yuxusu xidməti”ni istifadəyə verərək kinoteatrları ofis işçilərinin günorta saatlarında dincəlməsi üçün məkana çevirib.

Bu məqsədlə ümumi tutumu 76 nəfər olan iki xüsusi otaq hazırlanıb. Kişilər və qadınlar üçün ayrı-ayrı yerlər ayrılıb. Hər yuxu seansı 2,5 saat davam edir.

Ziyarətçilərə pulsuz dezinfeksiya edilmiş yorğan, şarj cihazı və günorta qəhvəsi təqdim olunur. Administrasiya müştərilərdən telefonlarını səssiz rejimə keçirmələrini, zəng etmək lazım olduqda otağı tərk etmələrini və istirahətdən sonra ayaqqabılarını geyinmələrini xahiş edir.

Xidmət “İşdə yatmaqdan imtina edin – kinoya gəlin və dincəlin” şüarı ilə reklam olunur.

İki nəfərlik aylıq bilet alındıqda, 2,5 saatlıq bir yuxu seansının qiyməti adambaşına gündə 1 yuandan bir qədər çox təşkil edir. Bu məbləğ təxminən 0,15 ABŞ dollarına bərabərdir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən