"Bu, əvvəllər dəfələrlə izlədiyimiz bir filmdir" - Tehrandan Trampın sanksiyalarına REAKSİYA
İranın Xarici İşlər Naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın elan etdiyi yeni sanksiyalara münasibət bildirib.
Redaktor.az xəbər verir ki, nazir vəziyyəti yenidən film izləməyə bənzədərək, rəsmi Tehranın bu məhdudiyyətlərə qarşı necə addım atacağını yaxşı bildiyini qeyd edib.
"Trampın bəhs etdiyi iqtisadi sanksiyalar təkrarlanan ssenari və Amerika siyasətinin eyni tanış vəhşiliyidir. Əslində, bu, əvvəllər dəfələrlə izlədiyimiz bir filmdir və biz bununla necə mübarizə aparacağımızı bilirik", – deyə Əraqçi "Jamaran" xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
Xarici işlər naziri vurğulayıb ki, Vaşinqtonun İrana qarşı yeni iqtisadi kursu əvvəlki cəhdlər kimi uğursuzluğa məhkumdur. Onun sözlərinə görə, ABŞ-nin bu hərəkətləri qarşı tərəfin ümidsizliyindən xəbər verir və mövcud vəziyyətdən yeganə çıxış yolu "İran xalqı ilə hörmətli dialoqdur".
Xatırladaq ki, Tramp daha əvvəl İrana qarşı görünməmiş miqyasda "iqtisadi müharibə və təcrid"in başladığını elan etmiş, Tehranı dəstəkləyən ölkələrin və maliyyə qurumlarının ciddi iqtisadi nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, İslam Respublikasının Xarici İşlər Nazirliyi də məsələyə sərt reaksiya verərək, ABŞ-nin sanksiya siyasətini "iqtisadi terrorizm və insanlığa qarşı cinayət" adlandırıb, eləcə də bu planları hazırlayıb həyata keçirənlərin müvafiq cəzaya məruz qalmalı olduqlarını bəyan edib.
Aminə ŞAHSUVARQIZI













