Trampdan benzin qiymətləri ilə bağlı etiraf: "Bir az daha yüksək olacaq"

 08:52 24.08.2026     263

ABŞ Prezidenti Donald Tramp ölkədə benzin qiymətlərinin yaxın gələcəkdə yüksək qalacağını etiraf edib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə TASS-ın WABC radiosuna verdiyi müsahibə zamanı danışıb.

Məlumata görə, Tramp Yaxın Şərqdəki müharibənin gedişatını müzakirə edərkən vəziyyətin ABŞ-nin məqsədlərinə uyğun inkişaf etdiyini bildirib. O, mətbuatın bu barədə danışmağa maraq göstərmədiyini, lakin Amerika ictimaiyyətinin Ağ Evin əsas məqsədini başa düşdüyünü qeyd edib.

Trampın sözlərinə görə, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

“Düşünürəm ki, insanlar bunu görür, qiymətləndirir və hörmət edir. Mən onlara enerji qiymətlərinin bir az daha yüksək olacağını, benzin qiymətlərinin bir az daha yüksək olacağını deyirəm”, – deyə ABŞ Prezidenti bildirib.

Trampın açıqlamasına görə, Yaxın Şərqdəki vəziyyət enerji bazarlarına da təsir göstərir. ABŞ lideri yaxın gələcəkdə ölkədə yanacağın qiymətinin yüksək olaraq qalacağını etiraf edib.

Bununla yanaşı, Tramp ABŞ silahlı qüvvələrinin Hörmüz boğazını “əsasən nəzarətdə saxladığını” iddia edib. O, daha əvvəl də boğazın ABŞ-nn nəzarətində olduğunu və hətta onun Amerika ərazisi sayıldığını bildirib.

Məlumata görə, ABŞ-də benzinin qiyməti son bir ildə əhəmiyyətli dərəcədə artıb. Milli Avtomobil Assosiasiyasının məlumatına əsasən, bir qallon benzinin orta qiyməti 4,10 dollara yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 3,10 dollar təşkil edib.

Tramp daha əvvəl İran iqtisadiyyatının “pis vəziyyətdə” olduğunu və ABŞ-nin təzyiqinin artıq İran hərbçilərinin fəaliyyətinə təsir göstərdiyini bildirib. O, bəzi hərbçilərin maaş almadığını iddia edib.

ABŞ Prezidenti həmçinin Tehran hakimiyyətinin “müflis” olduğunu və İranın maliyyə imkanlarının tükəndiyini söyləyib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən