ABŞ İrana qarşı “ən böyük maliyyə hücumu”na BAŞLAYIR
ABŞ İrana qarşı iqtisadi əməliyyatın başladılması ilə münaqişənin son mərhələsinə qədəm qoyur.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Skott Bessent “Financial Times” qəzetində dərc olunan məqaləsində bildirib.
Bessentin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və Amerika ordusunun gücü İranın hərbi imkanlarına ciddi zərbə vurub və ölkənin nüvə proqramını zəiflədib.
“Prezident Donald Tramp və ordumuzun böyük gücü İranın hərbi imkanlarını əhəmiyyətli dərəcədə məhv edib və nüvə proqramını zəiflədib. İndi isə son mərhələyə qədəm qoyuruq”, – deyə Bessent qeyd edib.
ABŞ Maliyyə naziri bildirib ki, avqustun 24-də səhər saatlarından etibarən iqtisadi “D günü” başlayır. Onun sözlərinə görə, bu, ABŞ-nin indiyədək düşmənə qarşı həyata keçirdiyi ən böyük maliyyə hücumudur.
Bessent ABŞ-nin yeni iqtisadi tədbirlərinin İranın maliyyə imkanlarına ciddi təsir göstərəcəyini vurğulayıb.
Bundan əvvəl İran hakimiyyəti ABŞ-nin mümkün hərəkətlərinə qarşı cavab planlarının hazır olduğunu açıqlamışdı. SEPAH-ın sözçüsü Hüseyn Mühabbi bildirib ki, Tehran ABŞ-nin hər bir düşmən addımına cavab verməyə, eləcə də yeni məhdudiyyətlərin təsirini minimuma endirməyə hazırdır.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni “sarsıdıcı” iqtisadi əməliyyatın başladığını elan etmişdi.
Aminə ŞAHSUVARQIZI













