Lukaşenko Ukrayna xalqını təbrik ETDİ
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Redaktor.az xəbər verir ki, Lukaşenkonun təbrik müraciəti Belarus Prezidentinin rəsmi saytında dərc olunub.
Məlumata görə, Lukaşenko Belarus və Ukrayna xalqlarının tarixi talelərinin bir-biri ilə sıx bağlı olduğunu bildirib. O, iki xalqı əsrlər boyu formalaşmış ənənələrin, eləcə də ortaq qələbə və çətin sınaqların xatirəsinin birləşdirdiyini qeyd edib.
Belarus Prezidenti Ukraynada davam edən münaqişəyə baxmayaraq, belaruslularla ukraynalıların gələcək nəsillərinin dostluq və ailə əlaqələrini qoruyub saxlayacağına əminliyini ifadə edib.
Lukaşenko Minsk və Kiyev arasında etimad, hörmət və bərabərlik prinsiplərinə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın bərpa olunacağına ümid etdiyini bildirib.
Siyasətçi Belarusun xoş niyyətlə gələn hər bir ukraynalı üçün daim açıq olduğunu vurğulayıb.
Lukaşenko həmçinin Ukrayna xalqına cansağlığı və firavanlıq, ölkəyə isə sülh və xoşbəxtlik arzulayıb.
Qeyd edək ki, Ukraynanın Müstəqillik Günü ölkənin əsas dövlət bayramıdır və hər il avqustun 24-də qeyd olunur. Bu tarix 1991-ci ildə Ukraynanın müstəqilliyinin elan edilməsini simvolizə edir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Kiyevin münaqişəni Belarus ərazisinə də genişləndirmək niyyətində olduğunu açıqlamışdı.
Aminə ŞAHSUVARQIZI













