Qazaxıstanda parlament seçkilərinin ilkin nəticələri AÇIQLANDI

 10:15 24.08.2026     264

Qazaxıstanda keçirilən parlament seçkilərində seçici fəallığı 74 faizdən çox olub.

Redaktor.az xəbər verir ki, bu barədə TASS Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə istinadən məlumat yayıb.

Məlumata görə, Qazaxıstanda seçici fəallığı 74,08 faiz təşkil edib.

“İlkin məlumatlara görə, seçici fəallığı 74,08 faiz təşkil edib”, – deyə Respublika Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov bildirib.

İlkin nəticələrə əsasən, parlamentə beş siyasi partiya keçib. 2026-cı ildə yaradılan və Prezident Kasım-Jomart Tokayevin siyasətini dəstəkləyən Adilet partiyası səslərin 71,17 faizini toplayıb.

Adilet partiyasının parlamentdə 145 yer əldə edəcəyi və bununla da Qazaxıstanda hakim siyasi qüvvəyə çevriləcəyi gözlənilir.

Parlamentdə yer qazanan digər partiyalar isə Auyl, Respublika, Ak Jol və Milli Sosial Demokrat Partiyası olub. Onlar müvafiq olaraq səslərin 6,26, 5,56, 5,21 və 5,11 faizini əldə ediblər.

Baitak və Qazaxıstan Xalq Partiyası isə 5 faizlik seçki baryerini keçə bilməyib. Bu səbəbdən həmin siyasi qüvvələrin parlamentdə təmsil olunmayacağı bildirilir.

Qeyd edək ki, bu il iyulun 1-dən Qazaxıstanda ümumxalq referendumundan sonra qəbul edilmiş yeni Konstitusiya qüvvəyə minib. Əsas dəyişiklik ölkədə ikipalatalı parlamentdən birpalatalı parlament sisteminə keçidlə bağlı olub.

Yeni qaydalara əsasən, bütün deputatlar yalnız partiya siyahıları üzrə vahid ümumxalq seçki dairəsindən seçilir. 2022-ci ildə bərpa edilmiş təkmandatlı seçki dairələri isə ləğv olunub.

Bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən 2029-cu ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi soruşulmuşdu.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən