Zaxarova beynəlxalq təşkilatları Kiyevə münasibətdə “korluqda” ittiham ETDİ

 17:18 24.08.2026     306

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova beynəlxalq təşkilatların Ukrayna hakimiyyətlərinin əllərində uşaqların qanını görmədiyini iddia edib.

Redaktor.az xəbər verir ki, Zaxarova bu barədə özünün “Telegram” kanalında paylaşım edib.

O, Ukrayna PUA-larının Krasnodarda uşaq mərkəzinə və digər mülki obyektlərə zərbələr endirməsini şərh edərək beynəlxalq təşkilatları, xarici insan haqları institutlarını və dünya mediasını tənqid edib.

“Ukrayna rejiminin əllərində uşaqların qanını görməyən beynəlxalq təşkilatlara, xarici insan haqları institutlarına və dünya mediasına ayıb olsun”, – deyə Zaxarova bildirib.

Qeyd edək ki, avqustun 24-nə keçən gecə Krasnodar Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb. Rusiya tərəfinin məlumatına görə, PUA qalıqlarının özəl uşaq mərkəzinin üzərinə düşməsi nəticəsində üç uşaq həyatını itirib. Daha 12 nəfərin yaralandığı, beşmərtəbəli yaşayış binasına da PUA qalıqlarının düşdüyü bildirilib.

Krasnodar diyarında uşaq xəstəxanasının baş həkimi Yelena Kleşşenko isə hücum zamanı yaralanan beş uşağın müxtəlif dərəcəli mina-partlayış xəsarətləri aldığını açıqlayıb. Onun sözlərinə görə, hazırda uşaqların heç biri reanimasiya şöbəsində deyil.

Bundan əlavə, Ukrayna PUA-larının Krasnodar yaxınlığındakı Enem qəsəbəsində “Ozon” şirkətinin logistika mərkəzinə də hücum etdiyi və obyekt ərazisində güclü yanğın baş verdiyi bildirilib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən